Biz, orta təbəqədən olan bir sıra ailələrin sığınacaq tapdığı çoxmərtəbəli yaşayış kompleksinin darısqal evlərindən birində yaşayırıq. Lakin kompleksimizdən xoşu gəlmiş Felis Domestica fəsiləsinin nümayəndələrinin sayı Homo Sapiens nümayəndələrinin sayını çoxdan ötmüş olardı. Çünki vəhşi təbiətdə yaşayan şir, pələng, vaşaq və oselotlarla eyni fəsilədən olması ilə öyünən bu geri çəkilə bilən caynaqlı dördayaqlıların ətrafımızdakı heç kimdən qorxusu yoxdur. Caynaqlı pəncələrində doqquz canları olan pişik populyasiyasının artıb çoxalması hamını narahat etsə də, çoxuna da qəribə rahatlıq verir.
Prospektimizdə yaşayan bu pişiklərin özlərinə məxsus ciddi ərazi bölgüsü var. Zirzəmi, birinci və ikinci mərtəbədə olan siçanlara qənim kəsilmiş bu pişiklər aclıq olanda nəzarət xətti boyu mətbəxlərə basqın etmələri xaricində, öz mərtəbələrinə göz qoyurlar. Terras isə məxsusi olaraq cavanlar üçün və bəzən də keçmişdə Siam cinsinə mənsub olmuş aristokrat pişiklərin özlərini yalaması və günəşlənməsi üçün saxlanılırdı. Bəzi erkək pişiklər gözətçi otağı kimi darısqal məkanlarda daldalanacaq tapmayanda özlərinə rahat künc-bucaq tapıb pırıltı ilə yatırlar ki, onda da tez gözə dəyirlər. Tanrı bu pişiklərə mırıldamaq və miyoldamaq kimi iki səs bəxş edib ki, bizim də ərazimizdə yaşayan az sayda pişik sopranoları isə xüsusi günlərdə gecə orkestrləri ilə bütün sakinlərin yuxusunu ərşə çəkir.
Başmaqlı pişik kimi təmiz olmağı arzulayan bəzi sakinlər bu boz pişiklərin onların əşyalarını qatıb-qarışdırdığını görəndə əsəbləşirlər. Yerli sakinlər arasındakı qırğılar bu pişiklərin doqquzquyruq qamçıyla qovulub sürgün edilməli olduğunu düşünürlər. Lakin göyərçinlər qərarsızca oturub pişiyin hansı tərəfə tullanacağını gözləyirlər. Eh, bu çətin işin öhdəsindən kimin gələcəyini heç bilmirik!